25 мая 2010 г.

PSEVDOMÜXALİFƏT ÇÖRƏYİ YEYƏN SİYASƏTÇİLƏR və XALQIN SƏRVƏTİNİ PSEVDOMÜXALİFƏTƏ XƏRCLƏYƏN HAKİMİYYƏT

Azərbaycan siyasi arenasında, müxalifət düşərgəsində böyük bir skandal baş verib, ancaq bu sahədə ən kiçik fikir ayrılığını şişirdən, həftələrlə manşetlərdən düşürməyən media strukturları-ilk növbədə iqtidarın nəzarətində olan mediadan söhbət gedir, nədənsə indi susurlar.

Nə baş verib? Hakimiyyətin himayəsində olan AVCİYA adlı  bir qeyri-hökumət təşkilatı (?!)-qərbdə belələrini NGO deyil, GONGO (hökumətin nəzarətində olan QHT) adlandırırlar, aprel ayında bir beynəlxalq konfrans keçirib. Özünü müxalifət partiyası adlandıran VİP-in sədri bu konfransda həm də AZADLIQ blokunun təmsilçisi kimi təqdim edilib və çıxış edib. Bu çıxış normal bir müxalifətçi çıxışı kimi qiymətləndirilə bilər.

Amma, konfransın materialları toplanmış kitabça 18 mayda paylananda diqqətli oxucular, o cümlədən mən çox təəccübləndik. Çünki, VİP sədrinin konfrans çıxışı kimi təqdim edilən mətn əslində psevdomüxalifətdən hakimiyyətə göndərilən arayışdan başqa bir şey deyildi. Yəni müəllif hakimiyyətə izah edirdi ki, real müxalifəti (ad çəkilməsə də aydın görünür ki, söhbət Müsavat və AXCP-dən gedir) sıradan çıxarmaq üçün və inandırıcı psevdomüxalifət yaratmaq (AZADLIQ blokunun digər iki partiyasının timsalında) üçün nə etmək lazımdır.

İndi VİP sədri iddia edir ki, bu bir təxribatdır və bu mətnin ona və partiyasına heç bir aidiyyəti yoxdur. Ancaq, AVCİYA-nın sədri deyir ki, “Bu yazı mənə Vətəndaş və Inkişaf Partiyasından göndərilib. Mən onu göndərən şəxsin adını, elektron ünvanını Əli Əliyevə təqdim etmişəm”. Bu sözləri “Azadlıq”a açıqlamasında AVCIYA-nın təmsilçisi Məhərrəm Zülfüqarlı Vətəndaş və Inkişaf Partiyasının (VIP) sədri Əli Əliyevin çıxışı ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirərkən bildirib.Lakin Məhərrəm Zülfüqarlı həmin şəxsin adını açıqlamaqdan imtina edib: “Mən Əli bəylə görüşmüşəm və ona bütün olanları demişəm. Əli bəy də bu məsələ ilə bağlı araşdırma aparır. Onun araşdırma apardığı bir vaxtda mənim həmin şəxsin adını açıqlamağım qeyri-etik olardı. Araşdırmalar yekunlaşandan sonra isə bütün məsələlər açıqlanacaq”.
AVCIYA-nın təmsilçisi onu da əlavə edib ki, ona göndərilən mətni hələ də elektron ünvanında saxlayır: “Araşdırmalar yekunlaşandan sonra gəlib baxa bilərsiniz”.


Yenə də qeyd edim ki, bu qalmaqallı məsələyə bir - iki  yazı "Yeni Müsavat"da, bir - iki yazı "Azadlıq"da, bir yazı da "Bizim yol"da  həsr edilib. Qalan media, xüsusən hakimiyyətin nəzarətində olan media quzu kimi susur.
Görəsən niyə? Cavab çox sadədir: bu hadisə təkcə psevdomüxalifət çörəyi yeyənləri deyil, həm də və ilk növbədə haklimiyyəti ifşa etdi. O hakimiyyəti ki, 15 ildən çoxdur ölkədə real siyasi qüvvələri sıradan çıxarmaq, psevdomüxalifət yaratmaq üçün milyonlarla pul xərcləyir- Azərbaycanın sərvətlərindən və insanımızın cibindən oğurlanmış pulları... 

Və bu pullar boşuna xərclənir: nə real müxalifəti sıradan çıxara bilməyiblər və bilməyəcəklər, nə də oyuncaq müxalifəti xalqa sırıya bilməyiblər və bilməyəcəklər!

Kitabçadakı mətnlə tanış olub özünüz qiymət verin






17 мая 2010 г.

BİR DAHA MÜSAVAT VƏ ZAMAN

2000-ci il parlament seçkilərində partiyamızın təblğatı üçün bir sıra video-material, o cümlədən yenə də kompüter animasiyası hazırlamışdıq. Həmin il Müsavat seçki bülletenlərində 11-ci yerdə göstərildiyindən təbliğatda 11 rəqəmindən geniş istifadə etmişdik.
1995-ci ildən fərqli olaraq 2000-ci ildə bu video-çarxlar bəzi tv'lərdə müəyyən qədər nümayiş etdirildi. Məncə, həmin seçkilərdə Müsavatın başqa partiyalardan gözlə görünəcək dərəcədə çox səs almasında bu təblğat vasitələrinin də rolu olmuşdu.

Birinci video-klipdə Müsavatın seçicilərə 7 vədi təqdim olunurdu:
İşsizlərə iş!
Yoxsullara çörək!
Qarabağa azadlıq!
İş adamlarına şərait!
Qaçqınlara yurd!
Qürbətdəkilərə vətən!
Günahsız məhbuslara azadlıq!

Acınacaqlıdı, 10 il keçib, amma vədlərdə əks olunmuş problemlər yenə də aktualdı, bəziləri isə daha da kəskinləşib.
Sizcə, bu ilki seçkilərdə seçiciləri hansı vədlərlə maraqlandırmaq, seçkiyə cəlb etmək olar?

İkinci video-carx isə kompüter animasiyası idi. Bizim mütəxəssislər və kompüterçi dostlarımızın hazırladığı bu animasiyada yenə də Müsavat və zaman mövzusu ifadə edilmişdi.

Baxın. Yalnız tarixi xatırlamaq üçün yox, həm də bu il Müsavatın və başqa demokratk siyasi qüvvələrin seçki təbliğat vasitələrinin hazırlanmasında yeni ideyalar tapmaq üçün.
TV'lər üzümüzə bağlansa belə, internetin yeni kommunikasiya imkanlarından, şəbəkələrindən geniş istifadə etməliyik.

14 мая 2010 г.

İBRAHİM BAYANDURLU'nun SÖZÜ

İbrahim Bayandurlunun çıxışının videosunu axır ki, tapdıq.
İbrahim bəy 2009-cu ildə anası Elmira xanımın xatirəsinə həsr olunmuş tədbirdə danışmışdı. Çox təsirli çıxış idi.
Tale elə gətirdi ki, bu il biz İbrahimi də itirdik...
İbrahim Bayandurlunun bu çıxışı bəlkə də onun son çıxışlarından biridi.
Şərəfli insanın cəsur və ləyaqətli SÖZləri...
Özünüz baxın

7 мая 2010 г.

MÜSAVAT, KOLİZEY, SFİNKS və PİRAMİDALAR

1-2 gündür arxivimdə İbrahim Bayandurlunun çıxışının videosunu axtarırdım, tapmadım.
Ancaq, başqa maraqlı şeylər tapdım.
Məsələn, 1995-ci ildə parlament seçkilərində istfadə üçün hazırladığımız kompüter animasiyası.
Kompüterçi dostlarımızın köməyi ilə hazırlanan bu təşviqat klipi Azərbaycanda bu sahədə ilk cəhdlərdən biri, bəlkə də birincisi idi.
Deyəsən, ANS-də bir neçə dəfə göstərildi və ... arxivə köçdü. Axı o zaman - 15 il əvvəl ölkəmizdə nə internet o qədər yayılmamışdı, nə də yetərli sayda kompüter və istifadəçi var idi. Təsəvvür edirsiniz, heç facebook da yox idi :)

Bəzən dostlarımız səmimi şəkildə, bəzən də "dostlarımız" qərəzli şəkildə bizə irad tuturlar ki, yeni texnologiyalardan az istfadə edirik. Düz də deyirlər. Görürsünüz ki, biz bu iradları nəzərə alırıq və tədricən bu sahədə fəallığımızı artırırıq. Yəni, mən indi bu animasiyanı təqdim etməklə həm də yada salmaq istəyirəm ki, Müsavat yeni texnologiyalara həmişə diqqətli olub, amma, biz bu texnologiyaların yayılma səviyyəsini- ictimai rəyə təsir potensialını da nəzərə almaq zorundaydıq. Məhdud maliyyə imkanlarımızı seçicilərərə ən çox çatdırıla bilən vasitələrə yönəltməliydik.

Nə isə... 1 dəqiqəlik klipdir, baxın. Primitiv görünsə yenə də unutmayın ki, 1995-ci ildə hazırlanıb, 15 illik yubileyidir:)
Yeri gəlmişkən, kimdəsə bu klipin daha keyfiyyətli variantı varsa, mənə göndərsəniz, minnətdar olaram.