31 декабря 2015 г.

2015-ci ilin son qeydləri
1.     Təəccüblənmək haqqı

28 dekabrda əfv fərmanı imzalandı. 210 məhbus əfv edildi. Dünya Azərbaycanlıları Həmrəylik günü və Yeni il ərəfəsində 210 adam azadlığa çıxdı və ailələrinə qovuşdu. Onlara gözaydınlığı verirəm. Amma əfv olunanların siyahısında bir nəfər də olsun siyasi məhbus yoxdur. Bax bu çox təəccüblü oldu. Son vaxtlar dəb yaranıb, deyirlər ki, “təəccüblənmədim. Bu hakimiyyətin heç bir addımı məni təəccübləndirə bilməz.”  Siz bilərsiniz, amma mən təəccübləndim. Cəmi bir-iki adam tanıyıram ki, deyirdilər heç bir siyasi məhbus azad edilməyəcək.   Bəlkə onların təəccüblənməmək haqqı var. Lakin  cəmiyyətdə  azadlığa buraxılacaq siyasi məhbusların yalnız sayı ilə bağlı diskussiya gedirdi.  Məntiq bir yana qalsın, axı əksəriyyət əmin idi ki, siyasi məhbuslardan əfv edilən olacaq. Bir çox başqa məlumatdan əlavə siyasi məhbus Rəşad Həsənovun açıqlanmasından da təsdiq olunur ki, onların azadlığa buraxılmasına hazırlıq  gedirmiş, hətta bu hazırlıq tamamlanıbmış.  Demokratik ictimaiyyətin optimistləri deyirdilər ki, siyasi məhbusların əksəriyyəti azad ediləcək. Pessimistlər deyirdilər ki, həmişəki kimi yalnız bir neçə siyasi məhbus azad ediləcək.  Realistlər isə deyirdilər ki, bəli, həmişəki kimi yalnız bir neçə siyasi məhbus azad ediləcək, ancaq bununla heç nə dəyişməyəcək. Bu təəccüb məsələsində sözümün canı odur ki, rejimin məntiqsiz qərarlarından, addımlarından  təəccüblənmək haqqımızı özümüzdə saxlamalıyıq. Çünki biz təəccüblənməyəcəyiksə, cəmiyyət dünəndən təəccüblənməyəcək. Cəmiyyət təəccüblənməyəcəksə, demək hər şey normaldır. Nəinki siyasi məhbusların azad edilməməsi, elə insanların siyasi səbəblərdən həbs edilməsi də normal hal hesab ediləcək.

2.     Azərbaycan hakimiyyətini erməni lobbisi idarə edir?!
Qayıdaq məntiq məsələsinə. Bir çox siyasi məhbusun azad ediləcəyinə cəmiyyətin əminliyi həm də məntiqə əsaslanırdı. Söhbət yalnız ondan getmir ki, siyasi məhbusların böyük əksəriyyəti tam günahsızdır, özlərinin və fədakar vəkillərin savadlı fəaliyyəti ilə məhkəmələrdə ittihamnamələr  darmadağın edilib, bəzi məhbus QHT-çilər hətta əsassız vergi tələblərini də ödəyiblər, vətənə xəyanət və casusluq kimi ən absurd ittihamlar demək olar ki, geri çəkilib.  Məntiqə görə dərinləşən iqtisadi böhran şəraitində iqtidar cəmiyyət daxilində gərginliyin artmasında deyil, azalmasında maraqlı olmalıydı. Rejim arxayındır ki, demokratik qüvvələr ölkədaxili gərginlikdə maraqlı deyillər, üstəlik müstəsna olaraq dinc mübarizə metodlarından istifadə edirlər,  cəmiyyətdə isə xof mühiti davam edir. Amma axı cəmiyyətdə sosial problemlər artdıqca, protest elektoratının fəallaşması və cəmiyyətlə müxalifətin bütünləşməsi labüd olacaq. Deyək ki, rejim bu labüdlüyü dərk etmir, bəs gərginliyin beynəlxalq tərəfi? Bütün aparıcı beynəlxalq təşkilatlar, demokratik dövlətlər Azərbaycanda azadlıqların boğulmasından, insan haqlarının total şəkildə pozulmasından, seçkilərin saxtalaşdırılmasından, siyasi məhbus problemindən artıq narahatlıq mərhələsini keçib, narazılıq bildirməyə başlayıblar, sanksiyalar qapını döyür. Ola bilər ki, mahiyyət etibarı ilə xalqa zidd olan bu rejim bütövlükdə Azərbaycana yaranan təhlükələrdən, o cümlədən Qarabağ məsələsində mövqeyimizin ciddi şəklidə zəifləməsindən narahat deyil, axı öz maraqları da sərt və təsirli zərbələr alacaq. ABŞ və Avropa ölkələrinə vizadan məhrum olmaq, xaricdəki bank hesablarının bağlanması- bunlardamı nəzərə alınmır? Heç kəsə sirr deyil ki, rejim təmsilçilərinin, onların ailə üzvlərinin sərvət və mülkiyyətlərinin əsas hissəsi qərb ölkələrindədir, təhsil, səhiyyə, istirahət, alış-veriş, özünü göstərmək ehtiyacları---hamısı ordadır. Bunlarıdamı düşünmürlər?      Məhz bu amilləri nəzərə alan demokratik düşərgə siyasi məhbusların azad ediləcəyini kifayət qədər real sayırdı.
Hakim rejim isə ən yüksək vəzifəli şəxslərin dilindən əfv fərmanından həm əvvəl, həm də sonra açıq şəkildə dedilər ki, ABŞ Konqresinin sanksiya layihəsi və AŞPA-nın ölkəmizə araşdırma heyəti göndərmək qərarı Azərbaycana qarşı təxribatdır. Həm Milli Məclisin, həm prezident aparatının rəhbər təmsilçiləri dedilər ki, bu ABŞ-ın, Avropanın ümumi mövqeyi deyil, Azərbaycana düşmən olan, erməni lobbisinin təsiri altında olan ayrı-ayrı şəxslərin təxribatıdır. Bildirdilər ki, bu təşəbbüslər əks nəticə verəcək və sözlərinin üstündə durub heç bir siyasi məhbusu azad etmədilər.
Bu mövqe gerçəklikdən, məntiqdən tamamilə uzaqdır. Əvvəla, heç şübhəsiz, sanksiya və getdikcə artan digər təzyiq addımları avtoritar rejimlərin ölkədaxili və beynəlxaq norma və oyun qaydalarını kobud, davamlı və saymazyana şəkildə pozmasından bezən qərbin son illər qəbul etdiyi  ümumi, prinsipial və dönməz siyasi kursun təzahürləridir. Özü də ilk təzahürləridir, davamı olacaq. 
İkincisi, aydın məsələdir ki, qərbin  ümumi demokratik dəyərlərə bağlılığndan və ümumi geopolitik maraqlarından əlavə əlbəttə Azərbaycanı sevməyənlər də var, Əliyev rejimini növbəti səhvlərə yönəltmək və bundan ölkəmizə qarşı istifadə etmək istəyənlər də var, elə erməni lobbisi və onun müəyyən təsiri də var. Cənab rejim mənsubları, siz niyə öz bərbad, səriştəsiz, fürsətçi daxili və xarici siyasətinizlə bu dairələrə əsas və bəhanə verirsiniz ki, Azərbaycanımıza problemlər yaratsınlar? Bir tərəfdən deyirsiniz ki, bu dairələrin məqsədi dövlət başçısının siyasi məhbusları əfv etməsinin qarşısını almaqdır, siz isə müstəqil siyasət yeridirsiniz və bu qüvvələrin tələblərinə, hədələrinə tabe olmayacaqsınız, digər tərəfdən isə siyasi məhbusları əfv fərmanından çıxararaq əslində özünüz guya ifşa etdiyiniz təxribat planının icraçısına çevrilirsiniz. Deməli, sizi o “təxribatçılar” idarə edir? Üstəlik, deyirsiniz və israr edirsiniz ki, bu qüvvələr erməni lobbisinin təsiri altında hərəkət edir. Demək belə çıxır ki, siz özünüz də erməni lobbisinin istədiyi kimi hərəkət edirsiniz. Azərbaycan hakimiyyətini erməni lobbisi idarə edir?!

3.     Hakimiyyətin yanlış qərarlarının əsas səbəbi

Bunu da yeni ildə yazarıq:))

4 августа 2015 г.

KXCP-nin Qurultayında söylədiklərim--1 avqust 2015-ci il

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin 
KXCP-nin 01 avqust  2015-ci il tarixli Qurultayında 
cıxışı

Hörmətli sədr,
        Hörmətli xanımlar  və bəylər!
Əziz Cəbhəçilər!
Təmsil etdiyim Milli Strateji Düşüncə Mərkəzi adından, eyni zamanda, Müsavat Partiyasının rəhbərliyi adından, Arif bəyin adından, bütün müsavatçıların adından cəbhəçi dostlarımı Qurultay münasibətilə təbrik edirəm. Qurultayın işində və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Biz bir yolun yolçusuyuq. Rəsulzadə-Elçibəy yolunun yolçusuyuq. Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın tarixinə ən şərəfli səhifələr yazıb. Bu gün Əliyev rejiminin məddahları və təbliğatçıları nəinki tarix kitablarında, hətta dərsliklərdə də Xalq Cəbhəsi haqqında, Xalq Hərəkatı haqqında, tariximiz haqqında olmazın yalanlar, böhtanlar yazıblar. Ancaq necə ki, dənizin sahilində coçuqların qurduğu qum evciklər dənizin dalğaları ilə darmadağın olur, tarixin də dalğaları Əliyev rejiminin bütün bu yalan kitablarını darmadağın edəcək. Bütün həqiqi kitablarda, bütün dərsliklərdə Azərbaycan Xalq Cəbhəsinin şərəfli tarixi yazılacaq, cəbhəçilərin şərəf, ləyaqət mübarizəsi yazılacaq. Yazılacaq ki, Əbülfəz Elçibəyin liderliyi ilə yaranmış Azərbaycan Xalq Cəbhəsi təkcə Azərbaycanın tarixində deyil, dünya tarixində azadlıq uğrunda, istiqlal uğrunda, ləyaqət uğrunda, həqiqət uğrunda, ədalət uğrunda ən möhtəşəm hərəkatlardan biri olub.
Yazılacaq ki, Elçibəyin liderliyində yaranmış milli-demokratik hakimiyyət Azərbaycanın şərəfli tarixində qızıl hərflərlə yazılası ən şərəfli səhifələrdən biridir və dünya tarixində ən demokratik hakimiyyətlərdən biridir.  
Burada natiqlərdən biri dedi ki, səhvlərimiz ucbatından hakimiyyətdən getdik. Əlbəttə, səhvlərimiz olub, amma bir daha fikrimi bildirirəm ki, milli-demokratik hakimiyyət səhvlərinə görə deyil, uğurlarına görə hakimiyyətdən getdi.
Necə ki, xalqımız 1911-ci ildə Müsavat Partiyasının yaranması ilə, 1918-ci ildə Şərqdə ilk Demokratik Cümhuriyyətin Azərbaycanda yaranması ilə, həmin hakimiyyətin çox möhtəşəm demokratik islahatlar aparması – istər iqtisadiyyat, istər siyasət, istər mədəniyyət, istər digər sahələrdə, qadınlara səs hüququ verməsi ilə təkcə Azərbaycanın deyil, bütün dünya tarixinə yazılıb və bu gün də təkcə biz müsavatçılar, biz cəbhəçilər, biz demokratlar deyil, hətta hakimiyyətdə oturanlar da Azərbaycan haqqında xaricdə xoş təsəvvür yaratmaq istəyəndə həmin Cümhuriyyətdən danışırlar. 18-ci ildə hələ dünyada o söhbətlərin getdiyi zaman Azərbaycanda qadınlara səs hüququ verməsindən danışırlar və zaman gələcək Azərbaycan xalqının gələcək nəsilləri Xalq Cəbhəsi haqqında, Elçibəy hakimiyyəti haqqında bu gün 18-20-ci illər dövr haqqında necə danışılırsa, o cür danışacaqlar.
Elçibəy hakimiyyətinin həyata keçirdiyi islahatlar,  müsbət dəyişikliklər, test inqilabından tutmuş rus ordusunun Azərbaycandan çıxarılmasına qədər, Qarabağın işğal olunmuş ərazilərinin əksəriyyətinin azad olunmasına qədər bütün bunlar Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb və xalqımız hər zaman bu tarixi olduğu kimi oxuyacaq. Saxtakarlar tarixi dəyişə bilməzlər.
Son 22 ildə Əliyev rejiminin mövcudiyyəti dövründə bizim müxalifətdə olmağımızla bağlı iradlar eşitməyə başlayırıq. Və qəribədir ki, bir çox hallarda bu iradlar hakimiyyətdə olan qüvvələrdən başqa, hakimiyyətin yaltaqlarından, məddahlarından başqa, bir də bizim öz düşərgəmizdən çıxanlar tərəfindən səslənir. Sən demə, 22 il müxalifətdə olmaq ayıb imiş. 22 il hakimiyyətə gələ bilməmək ayıb imiş. Başqa xalqlar öz demokratik qüvvələrinin, öz siyasi qüvvələrin onilliklər ərzində azadlıq uğrunda, ləyaqət uğrunda mübarizə apardıqlarını tarixin ən şərəfli hadisəsi hesab edir, bununla fəxr edirlər, bizdə isə Azərbaycan xalqının haqları uğrunda mübarizə aparan təşkilatları, qüvvələri lağa qoyan, bu hakimiyyəti zor gücünə, yalan gücünə, saxtakarlıq gücünə əlində saxlayan rejimə məddahlıq etməyə cəhd göstərənlərin sayı artır. Bu, absurddur.
Əlbəttə ki, bizim fəaliyyət, bizim mübarizə demokratik qüvvələrin, Rəsulzadə-Elçibəy yolu gedənlərin hakimyyətə gəlməsi ilə və bu yolun hədəflərinin gerçəkləşdirməsi ilə davam edəcək. Buna mən yüzdəyüz inanıram və bilirəm ki, həqiqi cəbhəçilər, həqiqi müsavatçılar, həqiqi demokratlar hamısı da bu gerçəyə inanırlar və bu, baş verəcək. Amma o şərtlə ki, biz təkcə şərəfli, ləyaqətli tariximizlə fəxr etməklə kifayətlənməyək. Onu bilək ki, keçmişi dəyişmək mümkün deyil. Nə biz keçmişi dəyişə bilmərik, nə bizim rəqiblərimiz keçmişi dəyişə bilməz. Keçmiş olub-bitib. Amma bizim gələcəyi dəyişmək imkanımız var. Gələcəyə təsir etmək imkanımız var. Məşhur mütəfəkkirlərdən biri dediyi kimi, gələcək bu gün qəbul edilən qərarların məcmusundan ibarətdir. Yəni bu baxımdan, bugünkü Qurultayın qəbul etdiyi qərarlar da həmin gələcəyin gerçəkləşməsi demək olacaq.
Bu gün, təbii, demokratik düşərgədə müxtəlif mövqelər var. Bəzən bir-birimizi tam anlayırıq, bir yerdə oluruq. Bəzən mövqelərimizdə müəyyən fərqlər olur. Bunlar olan şeylərdir. Hansısa siyasi partiya seçkilərdə iştirak haqqında qərar qəbul edə bilər. Başqası boykot haqqında fikirləşə bilər. Başqa bir partiya müəyyən şərtlərin irəli sürülməsi sözü ilə seçkilərdə iştirak variantını düşünə bilər. Bu fərqlər ola bilər və bu mövqelərin hansısa tam doğru, hansısa yanlış ola bilər. Amma biz heç bir zaman unutmamalıyıq ki, Azərbaycandakı mövcud vəziyyət bu, fərqli siyasət yeridə bilən partiyalardan, siyasətçilərdən yaranmayıb. 22 ildi torpaqlarımızın işğaldan azad olunmaması məsuliyyəti Əliyev rejiminin üzərindədir. Demokratik partiyaların, qüvvələrin üzərində deyil. Milyonlarla soydaşımızın çörək ardınca, iş ardınca Azərbaycanı tərk etməsi, xarici ölkələrdə ən ağır şərtlərdə çalışmağa məcbur olması demokratik partiyaların günahı deyil, Əliyev rejiminin günahıdır. Artıq ölkədəki vəziyyəti elə yerə gətirib çıxarıblar ki, Azərbaycan Avropada ən çox siyasi məhbusun olduğu ölkəyə çevrilib. Zaman var idi bizim babalarımız hətta qan düşmənçiliyi edəndə, görürsən ki, biri çətin vəziyyətə düşəndə, ailəsini, uşaqlarını öz qan düşməninə etibar edirdi, onlara təhvil verirdi. Deyirdi ki, mən bir müddət burda olmayacağam, həmin  müddətdə mən sənə arxayınam ki, mənim uşaqlarıma öz uşaqların kimi baxacaqsan. Qayıdaram, uşaqlarımı geri götürərəm, ondan sonra düşmənçiliyimizi davam etdirərik. Azərbaycan xalqı belə şərəfli, ləyaqətli bir xalqdır. İndiki hakimiyyət nəinki qan düşmənlərini, sadəcə, onu tənqid edənlərin qohumlarını həbs etməyə başlayıb. Qohumlarından tələb etməyə başlayıb ki, öz qohumunuzdan imtina məktubları yazın, çıxışlar edin. Belə bir hakimiyyətlə üzbəüzük və bizim rəqibimiz demokratik düşərgə daxilindəki qüvvələr deyil, hətta fərqli mövqelərdə olsaq belə, bu qüvvələr deyil. Bizim rəqimiz Azərbaycanı bu günə salan Əliyev rejimidir.
Mən əminəm ki, Azərbaycanın tarixinə şərəfli səhifələr yazmış cəbhəçi dostlarımız, sizlər,  son zamanlar Klassik Xalq Cəbhəsi Partiyası adlana bilərsiniz, amma siz Cəbhənin əsasını qoyan, Cəbhənin şərəfli tarixini yazan insanlarsınız və əminəm ki, bugünkü Qurultay da öz qərarları ilə həmin şərəfli tarixin bir hissəsi olaraq  davam edəcəyik və sizin bugünkü qərarlarınız və sonrakı fəaliyyətiniz Azərbaycanın gələcəyi yolunda, bizim hamımızın hədəflərimizi müəyyənləşdirdiyimiz istiqamətdə, Rəsulzadə-Elçibəy yolunda uğurlara çatmaq üçün çox önəmli rol oynayacaq.
Bu yolda bir daha Sizin hamınıza uğurlar arzulayıram.
Bu yolda hamımızın bir yerdə olacağına əminəm.
Tanrı Sizləri qorusun!
Tanrı Azərbaycanımızı qorusun!