17 февраля 2016 г.

Gələcəyə gənclərlə birlikdə və gənclər üçün baxış

Milli Strateji Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin
“N!DA” Vətəndaş Hərəkatının
14 fevral 2016-ci il tarixli tədbirində çıxışı

Hörmətli xanımlar və bəylər!
Əziz qonaqlar!
Hamınızı salamlayıram!
Kameraman dostlarımız bir az kənarlardan işləsəydilər, çıxış edənlərlə qulaq asanlar  göz təması əldə edərdilər.


Mən hər şeydən əvvəl “N!DA” təşkilatına bu tədbiri təşkil etdiklərinə görə və bizi də dəvət etdiklərinə görə təşəkkür etmək istəyirəm. “N!DA”, doğrudan da, ölkədə bir çox təşəbbüslər irəli sürən, cəmiyyətdə fəallığı təmin edən qurumlardan biridir. Xatırlayıram ki, “N!DA”nın bir illik yubileyi olanda - 2012-ci ilin fevralında, elə söz vaxtına çəkər, onlara təbrik məktubunda mən qeyd etmişdim ki, siz gücləndikcə sizə təzyiqlər artacaq və əgər təzyiqlərə davam gətirsəniz daha da güclənəcəksiniz. Görünür ki, hərdənbir siyasətçilərin də sözü düz çıxır. Doğurdan da, elə də oldu. “N!DA” gücləndikcə onlara qarşı təzyiqlər artdı və xoşbəxtlikdən “N!DA”çılar o təzyiqlərə dirənə bildilər. Həm zindanda olan gənc dostlarımız, həm də azadlıqda qalan gənc dostlarımız mətanət göstərərək, birlik göstərərək, cəsarət göstərərək, fədakarlıq göstərərək fəaliyyətlərini davam etdirdilər və daha da güclənmiş çıxdılar bu mərhələdən. Bu baxımdan, “N!DA”nın təşəbbüslərini mən çox yüksək qiymətləndirirəm.
Bu gün də ölkədəki bönran davam edən, dərinləşən bir mərhələdə gələcəyə bir baxış salmaq zəruridir. Siyasi qüvvələr, araşdırma mərkəzləri, hərəkatlar hansı islahatların həyata keçirilməsini nəzərdə tutur? Ümumiyyətlə, Azərbaycanın gələcəyinə baxışımız nədən ibarətdir? Bu müzakirələrin keçirilməsi çox düzgün oldu. Təkliflər verilməlidir, konsepsiyalar irəli sürülməlidir, ideyalar səslənməlidir. Bir tərəfdən ona görə ki, hakimiyyətin bir məşhur demoqogiyası var, guya müxalifətin, demokratik düşərgənin heç bir təklifi yoxdur. Bu demoqigiyanın qarşısını almaq üçün ideyalar, təkliflər irəli sürülməlidir, bu müzakirələr olmalıdır. Digər tərəfdən, demokratik düşərgənin özünü ayaqda saxlamaq üçün, fəallığını təmin etmək üçün bu müzakirələrin keçirilməsi önəmlidir. Eyni zamanda, bu müzakirələr cəmiyyətə də təsirini göstərir, nə qədər çətin olsa da bu gün cəmiyyətə informasiyalar çatdırmaq. Cəmiyyətdə də  ölkədəki vəziyyət dəyərləndirilərkən, demokratik düşərgənin, müxalifətin ideyaları, təklifləri də nəzərdən keçirilir. İstənilən halda bu edilməlidir. Bəzən deyirlər ki, onsuz da heç bir təklifə, heç bir ideyaya hakimiyyət məhəl qoymur. Bu, hakimiyyətin problemidir. Hakimiyyət dinləsə də, dinləməsə də biz həqiqətləri deməkdə davam etməliyik.
Ümumiyyətlə, hakimiyyəti özbaşına qoymaq olmaz. Bu hakimiyyət nadan, proqramsız, səriştəsiz bir hakimiyyətdir, korrupsioner bir hakimiyyətdir və bu hakimiyyət hadisələrə düzgün qiymət vermək gücündə deyil. Xatırlayırsınız ki, neftin qiymətləri düşməyə başlayanda İlham Əliyev ilk çıxışlarının birində dedi ki, neftin qiymətinin düşməsini Azərbaycanda heç kəs hiss etmir və hiss etməyəcək. Bu günlərdə isə İlham Əliyevin Münhendə çıxış edərkən böhran vəziyyətini dəyərləndirdi və son sözü də ondan ibarət oldu ki, biz bu vəziyyətdən minimum itki ilə çıxmağı bacardıq. Yəni, artıq bu adam böhrandan çıxıb. Nə cür çıxıb, necə çıxıb, nə vaxt çıxıb, bu, özündən başqa heç kəsə bəlli deyil. Çox çevikliklə mərhələdən-mərhələyə adlayırlar. Bir neçə il bundan əvvəl ekspertlər, iqtisadçılar, siyasi xadimlər deyəndə ki, hər şeyi neftin üzərində qurmaq olmaz, neft bitəcək, neftsiz iqtisadiyyat formalaşdırılmalıdır, azadlıqlar olmalıdır, az qala həmin şəxsləri dövlətə xəyanətdə, millətə xəyanətdə ittiham edirdilər. İndi İlham Əliyev çıxıb ekrana və deyir ki, neft erası bitib, nefti unudun və artıq İlham Əliyev üçün neft-post erası başlayıb. Düzdü, o, özü bunu 20 il sonraya planlaşdırırmış, amma hər halda indidən başlayıb. Ona görə də hakimiyyətə heç bir güvən yoxdur, hakimiyyətdən heç bir ciddi bir islahat, ciddi bir addım gözləmək olmaz. Bu hakimiyyətin islahatları nədən ibarət ola bilər? Yəni, bu hakimiyyət nazirlikləri, komitələri, müxtəlif idarələri düzgün işlətmək əvəzinə “ASAN” xidməti yaratdı. İndi son vaxtlar məhkəmələrin normal işləməsini təmin etmək əvəzinə, məhkəmələrin rüşvətsiz, sifarişsiz işləməsini təmin etmək əvəzinə Apellyasiya Şuraları yaradıb. Belə getsə bir azdan, bəlkə biz də təklif edək,  saxta, qeyri-legitim parlamentin yanında da bir “ASAN parlament” yaratsınlar, imkan versinlər ki, heç olmasa, o parlamentə ciddi mütəxəssislər, ölkənin taleyini təhlil etməyi bacaran, təkliflər verməyi bacaran şəxslər seçilsinlər və doğurdan da, ölkənin taleyini, vəziyyətini, gələcəyini müzakirə etsinlər. Yəqin axırda da İlham Əliyev yorulacaq işləməkdən, əlavə bir “ASAN prezident” postu da yaradacaq ki, işləməsin, elə sadəcə öz istirahətini və prestijli proyektlərdə iştirakını davam etdirsin, ölkəni isə “ASAN prezident” idarə etsin. Yəni, onların islahatı bu ola bilər, bundan başqa bir islahata qadir deyillər bunlar. Amma zarafat bir yana biz, təbii ki, mövqeyimizi  deməliyik, təkliflərimizi çatdırmalıyıq və təkliflərimiz  birlikdə müzakirə etməyi də bacarmalıyıq. Mənim üçün bu, o qədər də problem deyil. Çünki mən Müsavat xəttini təmsil edirəm. Yəni, həm Milli Strateji Düşüncə Mərkəzinin sədri kimi burda çıxış edirəm, həm də Müsavat Partiyası Məclisinin üzvüyəm. Eyni zamanda, açığı, mən həm də özümü “N!DA” təşkilatının üzvü hesab edirəm. Çünki hələ 2013-cü ildə “N!DA”nın rəhbərliyində ilk həbslər başlayanda, mən rəsmən “N!DA”ya üzv olmaq barədə müraciət etmişəm. Düzdü, “N!DA”çılar çox fikirləşiblər, hələ ki, bu müraciətə cavab verməyiblər, amma hər halda müraciət qüvvədədir.
Bu baxımdan, bizim üçün islahatlarımızı təqdim etmək, Azərbaycanın gələcəyini necə gördüyümüzü şərh etmək problem deyil. Çünki əslində Azərbaycanın gələcəyini Müsavat Partiyası və cümhuriyyətimizin, Müsavatımızın qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları 100 il əvvəl müəyyənləşdiriblər, yüz il əvvəl bu yolu göstəriblər və biz bu yolla gedirik. Bu yol “İnsanlara hürriyyət, millətlərə istiqlal!” yoludur. Bu yol insanlarımızın azad, bərabər, ləyaqətli,  şərəfli yaşamaq hüququdur. Bu, Müsavatın yüz illik bir yoludur. Bu, sadəcə sözlər deyil. Mütəxəssislər bilirlər, amma kim istəyirsə, gənclərimiz, maraqlananlar araşdırsınlar. Məsələn, sizə misal gətirirəm, Müsavat Partiyasının 1919-cu ildə hazırladığı təhsil proqramı var. Kim istəyir maraqlansın həmin təhsil proqramı ilə. Kiçik redaktələrlə həmin təhsil proqramı Azərbaycanın bugünkü təhsil qanunundan daha mütərəqqidir, daha demokratikdir və Azərbaycan xalqının inkişafı baxımından daha faydalı bir qanun layihəsidir. Müsavatın 18-20-ci illərdə keçirdiyi islahatlar da bəllidir. Və biz də 92-ci ildə Müsavatı bərpa edəndən sonra bu yolu davam etdirmişik. Bizim 97-ci ildə qəbul etdiyimiz proqram var. Düzdü, üstündən 20 ilə qədər zaman keçib və müəyyən şeyləri yeniləməliyik, təkmilləşdirməliyik. Amma bütövlükdə həmin proqram Azərbaycanın gələcəyini bizim necə gördüyümüzü açıqlayır. Bu proqram ili illik çox ciddi müzakirələrdən sonra qəbul olunub. O zaman biz qərara gəldik ki, Azərbaycanda görüləsi işlərlə bağlı, ölkəni necə görməyimizlə bağlı düşüncələrimizi, fikirlərimizi iki hissəyə bölməliyik. Bir hissə gələcək Azərbaycan adlandırıldı, orda Azərbaycanı gələcəkdə necə görmək istədiyimiz haqda fikirlərimizi qeyd etdik. Burada 1)Hüquqi, demokratik və inkişaf etmiş mülki cəmiyyət bölməsi var. 2)Azərbaycan dünya birliyində yeri, 3)İnsan haqlarının aliliyi, 4)Milli təsanüd, 5)Azərbaycan xalqının bütövlüyü, 6)Azərbaycanın istiqlal, azadlıq və rifahını təmin edəcək iqtisadiyyat və 7) Yüksək elm və mənəvi dəyərlərə malik sağlam genefond, ekologiya bölmələri var.  Eyni zamanda partiya proqramında başqa bir hissə də yazdıq və onu “Müsavat və Azərbaycanın keçid dövrü problemləri” adlandırdıq. Çünki biz o zaman hesab edirdik ki,  müəyyən bir keçid dövrü olmalıdır ki, o dövrdə Azərbaycanın mövcud problemləri həllini tapsın. Bu hissəyə 1)Azərbaycana Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, 2) Demokratik dövlət quruculuğu, 3) İnsan haqları, 4)mənəviyyat, 5) İqtisadi islahatlar, 6) Sosial qayğı, 7) Etnik siyasət, 8) Xarici siyasət, 9) Təhsil, elm və mədəniyyət  bölmələri daxildir.
Biz bu proqrama uyğun araşdırmalarımızı sonra da davam etdirdik. Xüsusən 90-cı illərin sonlarında və 2003-cü ilə qədərki dövrdə Müsavat Partiyasının komissiyaları bir çox konsepsiyalar, proqramlar və təkliflər paketi hazırladı. Bəziləriniz xatırlayırsınızsa, biz 2003-cü il Prezident seçkilərində hakimiyyətə və cəmiyyətə  bir daha təqdim etdik. Bu kitabda o təkliflərin, konsepsiyaların bir hissəsi toplanıb. Təbii ki, bu konsepsiyaların, layihələrin yenilənməyə ehtyacı var. Müasir problemlər, müasir tələbata uyğun dəqiqləşdirmələrə ehtiyac var, bütünlükdə bu yenə həmin dediyimiz Müsavat yolunun davamı idi. Bu xətt indi də davam edir.
İndiki mərhələdə də Müsavat Partiyası əlini cəmiyyətin nəbzində saxlayır. Bütün prosesləri, bütün problemləri dərindən araşdırır və öz mövqeyini cəmiyyətə çatdırır. Müsavat Partiyasının antiböhran təklifləri paketi də bir müddət əvvəl cəmiyyətə təqdim olundu. Eyni zamanda, biz də - Milli Strateji Düşüncə Mərkəzi olaraq ölkədəki vəziyyəti təhlil edərək Yol Xəritəsi hazırladıq. Yol Xəritəsini də “Böhrandan imkana” adlandırdıq. Hesab edirik ki, bizim gücümüz çatar ki, Azərbaycan xalqının potensialı çatar ki, ölkədəki böhranı imkana çevirək, elə addımlar ataq ki, Azərbaycan bu böhrandan zəifləmiş halda deyil, güclənmiş halda çıxsın. Bu təkliflərimizdi, qüvvədədir.
 Mən bu məqamları ona görə xatırlatdım ki, islahatlar haqqında saatlarla danışmaq olar və yuxarı-aşağı islahatlar haqqında çıxışlarda burada təmsil olunan və olunmayan bir çox təşkilatların baxışlarında köklü fərqlər yoxdur. Müəyyən məqamlarda fərqli məqamlar ola bilər, onlar da diskussiyalıq məqamlardır. Amma biz bütövlükdə Müsavat olaraq sağ mərkəzçi bir partiyayıq, liberal-demokrat yönümlü bir partiyayıq. Deməli, burdan da bizim Azərbaycanın gələcəyini nə cür görməyimiz aydındır. Biz Azərbaycanı azad, demokratik görmək istəyirik, iqtisadi və siyasi azadlıqların tam bərqərar olunması halında görmək istəyirik. Ölkədə hakimiyyət bölgüsünün tam şəkildə təmin olunmasını istəyirik. İcra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti. Hesab edirik ki, prezident sistemindən parlament sisteminə keçidə qədər islahatlar mümkündür, bunu etmək olar və lazımdır. Ən azı prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması və parlamentin səlahiyyətlərini genişləndirilməsi, hökumətin səlahiyyətlərinin genişləndirilməsi zəruridir. Biz Azərbaycanı çağdaş dünyanın bir hissəsi olaraq görürük. Azərbaycan, hesab edirik ki, Avroatlantik inteqrasiya xəttini inkişaf etdirməlidir, Avropa Birliyinin və NATO-nun üzvü olmalıdır, Ümumidünya Ticarət Təşkilatı ilə danışıqlar nəhayət ki, yekunlaşdırılmalı və həll olunmalıdır bu məsələ də. Təxmini baxışlarımız belədir.
Bizim gələcəyə baxışımızı ümumiləşdirsək, biz hesab edirik ki, Azərbaycanın gələcəyi insana hədəflənməlidir. Bir növ insan mərkəzli düşüncə sistemini qurmalıyıq. Hər şey insanın maraqlarına tabe etdirilməlidir. Heç kim də narahat olmasın ki, hər şey insanın maraqlarına tabe etdiriləndə bəs dövlət necə olsun, cəmiyyət necə olsun, ictimai maraqlar necə olsun? İnsanın maraqları təmin ediləndə, insanın azadlıqları təmin ediləndə qalan bütün məsələlər avtomatik həll olunur. Əgər bir insanın azad yaşamasını istəyiriksə, ölkədə bərabərhüquqlar təmin etməliyik. İnsanın azad yaşamasını istəyiriksə, siyasi azadlıqlar, iqtisadi azadlıqlar tam şəkildə bərqərar olmalıdır. İnsanın təhlükəsiz yaşamasını istəyiriksə, dövlətin müstəqilliyi təmin edilməlidir, ərazi bütövlüyü təmin edilməlidir, dövlətin güclü ordusu olmalıdır,. İnsanın firavan yaşamasını istəyiriksə, iqtisadi islahatlar həyata keçirilməlidir, iqtisadi azadlıqlar bərqərar olunmalıdır, korrupsiya, monopoliyalara son qoyulmalıdır. Yəni insanın maraqlarını əsas götürsək, bütün problemləri həll etmək nəinki mümkündür, hətta qaçılmazdır. Çünki insanın maraqları bütün bu məsələlərin hamısını labüd edir.
 Bizim islahatlarımız, fəaliyyətimiz əsas dörd istiqamətdə olmalıdır. Bunları sıralamaq bəlkə çətindir, amma hamısı eyni dərəcədə önəmlidir. Dörd istiqamət – təhsildir, elmdir, səhiyyədir və mədəniyyətdir.
Təhsil sistemi tamamilə dəyişdirilməlidir. Azərbaycanda gənclərin normal təhsil alması üçün, təhsil seçimi etməsi üçün bütün imkanlar yaradılmalıdır. Elə bir imkan yaradılmalıdır ki, gənc istər dövlət ali təhsil müəssisəsində təhsil alsın, tutaq ki, müəyyən şərtlər müqabilində təhsil alsın, sonra dövlətin müəyyən strukturlarında işləməyi boyuna götürsün. Özəl təhsil sistemində təhsil alması imkanı olmalıdır. Xaricin ən yaxşı universitetlərində təhsil almaq imkanı olmalıdır, bunu dövlət təmin etməlidir. Azərbaycan hakimiyyəti proqram qəbul etmişdi - 2007-2015-ci illərdə xaricdə təhsil proqramı. Həmin sistem üzrə, səhv etmirəmsə, 3200-ə yaxın tələbə xaricə təhsil almağa gedib. Dünya üzrə ən aşağı rəqəmlərdən biridir. İldə 400 nəfər rəqəmi də alınmır. Halbuki Demokratik Cümhuriyyət 1918-ci ildə ən ağır vəziyyətdə 100 tələbəni xaricdə ən yaxşı universitetlərdə təhsil almasını təmin etmişdi. Bizim komanda hələ hakimiyyətə gəlməmiş xaricə - Türkiyəyə təhsil üçün gənclərimizi göndərmişdi. Hakimiyyətə gəldikdən sonra isə Elçibəy komandası, Elçibəy hakimiyyəti 1000-ə qədər tələbənin Türkiyədə təhsil almasını təmin etmişdi, gələcəyi var idi onların. Bizim hakimiyyətlə bağlı danışanda hətta ən qatı tənqidçilərimiz belə test üsulunun tətbiqini qeyd edirlər. Amma test üsulunun tətbiqi bizim hakimiyyətin təhsil islahatlarının bir açar nöqtəsi idi, hədəf deyildi, vasitə idi. Biz test üsulunu tətbiq etməklə təhsil sistemini yeniləşdirmək, təhsil sistemini tamamilə müasir qaydada qurmaq, təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq xəttini seçmişdik. O proqram yarımçıq qaldı və Əliyev rejimi dönəmində isə hamısı bərbad hala gətirilib.
Eyni zamanda elm sahəsinə ciddi dövlət yatırımı olmalıdır, gənclərin elmə marağı artırılmalıdır, gənclərin elm sahəsində uğur qazana bilməsi, normal yaşaya bilməsi təmin edilməlidir. Elmin müəyyən müasir istiqamətləri var. Bu saat, bilirsiniz, informasiya texnologiyalarıdır, bioloji texnologiyalarıdır, nano texnologiyalardır və digər istiqamətlərdir. Bunlardan ən azı birini seçib Azərbaycanda onu gücləndirmək lazımdır. Bəlkə də informasiya texnologiyaları ən uyğunu olar Azərbaycan üçün. Gənclərə o sahədə uğur qazanmaq, yaxşı yaşamaq imkanı yaradılmalıdır və onun hesabına Azərbaycan nüfuz qazanmalıdır, hörmət qazanmalıdır. Akademiya institutları universitetlərlə birləşdirilməlidir. Akademik araşdırmalarla universitetlərdəki təhsil, gur tələbə həyatı birləşdirilməlidir.
Səhiyyə sahəsində çox ciddi islahatlara ehtiyac var. Sözdə tibbi sığortanı həyata keçirirlər, amma ortada bir şey yoxdur. Hər bir vətəndaşın məcburi tibbi sığortası təmin edilməlidir ki, vətəndaşımız ən yüksək səviyyədə sağlamlığın qorunmasına təminat alsın. Bir problem yaranan kimi İrana, başqa yerlərə qaçmağa məcbur olmasın.
Və dördüncü istiqamət də dediyim kimi, mədəniyyət istiqamətidir. Mədəniyyət dedikdə ədəbiyyatdan tutmuş kinoya qədər bütün sahələri nəzərdə tuturam. Bu sahənin inkişafına yüksək şərait yaradılmalıdır. Hakimiyyət son günlərdə kinoya senzura yaratmağa başlayıb, deyəsən. Əksinə azadlıqlar verilməlidir. Bütün bu sahələrdə azadlıq, təşəbbüs həlledici amillər olmalıdır.
Bizim siyasətimizin mərkəzində gənclik dayanacaq. Bizim şüarımız çox yəqin ki, “Gənclərlə birlikdə gənclər üçün!” olacaq. Çünki bir cəmiyyətin, bir xalqın inkişafını istəyirsənsə, həlledici amil gənclərdir, gənclikdir. Gənclərə əsaslanmayan cəmiyyətin gələcəyi yoxdur.
Mən təhsil barədə dedim. Bütün sahələrdə gənclərə ciddi güzəştlər lazımdır. Elə etmək lazımdır ki, 17-18 yaşına çatan gənclər artıq azad şəkildə seçimlərini edə bilsinlər. Onlar evdə öz valideynləri ilə bir yerdə yaşayırlar, yoxsa ayrıca bir evə çıxmaq istəyirlər dostları ilə bir yerdə, ya da çoxlu universitet kampları yaradılmalıdır Qərbdə, Türkiyədə olduğu kimi, universitetlərdə, kamplarda gənclər rahat yaşaya bilməlidirlər. Evli ailələrə, gənc ailələrə mənzillər verilməlidir. Dövlətin  imkanlarından asılı olaraq ya kiçik, aşağı qiymətə aşağı faizli kreditlərlə, ya da ümumiyyətlə pulsuz mənzil proqramı olmalıdır. Bu kredit məsələsi pullu təhsil alanlara da aid edilməlidir. Uşağın anadan olmasından tutmuş gəncin yetişməsinə qədər bütün mərhələlərdə gəncin bütün problemləri həm dövlət tərəfindən həll olunmalıdır, həm də dövlətin verdiyi imkanlar hesabına həll olunmalıdır.
Yəqin vaxt məhduddur, mən öz 10 dəqiqəmi əsasən danışdım. Bəlkə də Cəmil müəllimin 10 dəqiqəsini üçümüz öz aramızda bölüşdürə bilərik. Deyiləsi məqamlar çoxdur. Yəqin sonra suallara cavab verəndə bir sıra məsələlərə qayıda biləcəyik. Bircə məqamı da qeyd etmək istəyirəm ki, bu da bir reallıqdır, kimin xoşuna gəlsə də, gəlməsə də. Mən Azərbaycanda o komandanın təmsilçisiyəm ki, o komandanın ölkədə islahatlar keçirmək təcrübəsi var. Ölkədə bizim komandadan başqa, Elçibəy komandasından başqa, mən yenə o komandanı Elçibəy komandası adlandırıram, heç bir siyasi qüvvənin islahatlar keçirmək təcrübəsi yoxdur. Gözəl ideyalar da ola bilər, gözəl təkliflər də ola bilər, ancaq bu təcrübə bizdədir. Biz o təcrübəyə malikik və bilirəm ki, 92-93-cü illər haqqında tənqidi qeydlər daha çox dəbdədir. Hakimiyyət o illərdən cin-şeytan iynədən qorxan kimi qorxur və elə bir mühit yaradır ki, mən başqa təşkilatları da günahlandırmıram. Başqa təşkilatlar da tez başlayırlar deməyə ki, bizim o dövrə dəxlimiz yoxdur, biz o dövrdə hakimiyyətdə olmamışıq və s. Hətta nəinki başqa təşkilatlar, o hakimiyyətdə təmsil olunanların bəziləri yaxalarını kənara çəkməyə çalışırlar. Ancaq mən o hakimiyyətin təmsilçisi kimi, rəsmən səmimi və arxayın şəkildə bildirirəm ki, 92-93-cü illər şərəfli Azərbaycan tarixinin ən şərəfli illərindən biridir, o, tarixdə belə də qalacaq. Necə ki, 20-30-cu illərdə 18-20-ci illər Müsavat hakimiyyətinə, Demokratik Cümhuriyyətə qarşı böhtanlar atılırdı, yalanlar söylənilirdi, bunlar xalqın nəzərində, tarixin gözündə həmin dövrün qiymətini dəyişə bilmədi, 92-93-cü illər də xalqın gözündə də, tarixdə də Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biri kimi, şərəfli səhifələrindən biri kimi qalacaq.
Mən bir daha “N!DA”ya tədbirə görə, sizə də iştirakınıza görə təşəkkür edirəm.
Diqqətinizə görə çox sağ olun.



Комментариев нет:

Отправить комментарий