Milli Strateji
Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin
“N!DA” Vətəndaş Hərəkatının
14 fevral 2016-ci il
tarixli tədbirində çıxışı
Əziz qonaqlar!
Hamınızı salamlayıram!
Kameraman dostlarımız bir az kənarlardan işləsəydilər, çıxış edənlərlə
qulaq asanlar göz təması əldə edərdilər.
Mən hər şeydən əvvəl “N!DA” təşkilatına bu tədbiri təşkil etdiklərinə
görə və bizi də dəvət etdiklərinə görə təşəkkür etmək istəyirəm. “N!DA”,
doğrudan da, ölkədə bir çox təşəbbüslər irəli sürən, cəmiyyətdə fəallığı təmin
edən qurumlardan biridir. Xatırlayıram ki, “N!DA”nın bir illik yubileyi olanda
- 2012-ci ilin fevralında, elə söz vaxtına çəkər, onlara təbrik məktubunda mən
qeyd etmişdim ki, siz gücləndikcə sizə təzyiqlər artacaq və əgər təzyiqlərə
davam gətirsəniz daha da güclənəcəksiniz. Görünür ki, hərdənbir siyasətçilərin
də sözü düz çıxır. Doğurdan da, elə də oldu. “N!DA” gücləndikcə onlara qarşı təzyiqlər
artdı və xoşbəxtlikdən “N!DA”çılar o təzyiqlərə dirənə bildilər. Həm zindanda
olan gənc dostlarımız, həm də azadlıqda qalan gənc dostlarımız mətanət göstərərək,
birlik göstərərək, cəsarət göstərərək, fədakarlıq göstərərək fəaliyyətlərini
davam etdirdilər və daha da güclənmiş çıxdılar bu mərhələdən. Bu baxımdan, “N!DA”nın
təşəbbüslərini mən çox yüksək qiymətləndirirəm.
Bu gün də ölkədəki bönran davam edən, dərinləşən bir mərhələdə gələcəyə
bir baxış salmaq zəruridir. Siyasi qüvvələr, araşdırma mərkəzləri, hərəkatlar hansı
islahatların həyata keçirilməsini nəzərdə tutur? Ümumiyyətlə, Azərbaycanın gələcəyinə
baxışımız nədən ibarətdir? Bu müzakirələrin keçirilməsi çox düzgün oldu. Təkliflər
verilməlidir, konsepsiyalar irəli sürülməlidir, ideyalar səslənməlidir. Bir tərəfdən
ona görə ki, hakimiyyətin bir məşhur demoqogiyası var, guya müxalifətin, demokratik
düşərgənin heç bir təklifi yoxdur. Bu demoqigiyanın qarşısını almaq üçün ideyalar,
təkliflər irəli sürülməlidir, bu müzakirələr olmalıdır. Digər tərəfdən,
demokratik düşərgənin özünü ayaqda saxlamaq üçün, fəallığını təmin etmək üçün
bu müzakirələrin keçirilməsi önəmlidir. Eyni zamanda, bu müzakirələr cəmiyyətə
də təsirini göstərir, nə qədər çətin olsa da bu gün cəmiyyətə informasiyalar
çatdırmaq. Cəmiyyətdə də ölkədəki vəziyyət
dəyərləndirilərkən, demokratik düşərgənin, müxalifətin ideyaları, təklifləri də
nəzərdən keçirilir. İstənilən halda bu edilməlidir. Bəzən deyirlər ki, onsuz da
heç bir təklifə, heç bir ideyaya hakimiyyət məhəl qoymur. Bu, hakimiyyətin
problemidir. Hakimiyyət dinləsə də, dinləməsə də biz həqiqətləri deməkdə davam
etməliyik.
Ümumiyyətlə, hakimiyyəti özbaşına qoymaq olmaz. Bu hakimiyyət nadan,
proqramsız, səriştəsiz bir hakimiyyətdir, korrupsioner bir hakimiyyətdir və bu
hakimiyyət hadisələrə düzgün qiymət vermək gücündə deyil. Xatırlayırsınız ki,
neftin qiymətləri düşməyə başlayanda İlham Əliyev ilk çıxışlarının birində dedi
ki, neftin qiymətinin düşməsini Azərbaycanda heç kəs hiss etmir və hiss etməyəcək.
Bu günlərdə isə İlham Əliyevin Münhendə çıxış edərkən böhran vəziyyətini dəyərləndirdi
və son sözü də ondan ibarət oldu ki, biz bu vəziyyətdən minimum itki ilə
çıxmağı bacardıq. Yəni, artıq bu adam böhrandan çıxıb. Nə cür çıxıb, necə
çıxıb, nə vaxt çıxıb, bu, özündən başqa heç kəsə bəlli deyil. Çox çevikliklə mərhələdən-mərhələyə
adlayırlar. Bir neçə il bundan əvvəl ekspertlər, iqtisadçılar, siyasi xadimlər
deyəndə ki, hər şeyi neftin üzərində qurmaq olmaz, neft bitəcək, neftsiz
iqtisadiyyat formalaşdırılmalıdır, azadlıqlar olmalıdır, az qala həmin şəxsləri
dövlətə xəyanətdə, millətə xəyanətdə ittiham edirdilər. İndi İlham Əliyev çıxıb
ekrana və deyir ki, neft erası bitib, nefti unudun və artıq İlham Əliyev üçün
neft-post erası başlayıb. Düzdü, o, özü bunu 20 il sonraya planlaşdırırmış,
amma hər halda indidən başlayıb. Ona görə də hakimiyyətə heç bir güvən yoxdur,
hakimiyyətdən heç bir ciddi bir islahat, ciddi bir addım gözləmək olmaz. Bu
hakimiyyətin islahatları nədən ibarət ola bilər? Yəni, bu hakimiyyət nazirlikləri,
komitələri, müxtəlif idarələri düzgün işlətmək əvəzinə “ASAN” xidməti yaratdı. İndi
son vaxtlar məhkəmələrin normal işləməsini təmin etmək əvəzinə, məhkəmələrin
rüşvətsiz, sifarişsiz işləməsini təmin etmək əvəzinə Apellyasiya Şuraları
yaradıb. Belə getsə bir azdan, bəlkə biz də təklif edək, saxta, qeyri-legitim parlamentin yanında da
bir “ASAN parlament” yaratsınlar, imkan versinlər ki, heç olmasa, o parlamentə
ciddi mütəxəssislər, ölkənin taleyini təhlil etməyi bacaran, təkliflər verməyi
bacaran şəxslər seçilsinlər və doğurdan da, ölkənin taleyini, vəziyyətini, gələcəyini
müzakirə etsinlər. Yəqin axırda da İlham Əliyev yorulacaq işləməkdən, əlavə bir
“ASAN prezident” postu da yaradacaq ki, işləməsin, elə sadəcə öz istirahətini və
prestijli proyektlərdə iştirakını davam etdirsin, ölkəni isə “ASAN prezident”
idarə etsin. Yəni, onların islahatı bu ola bilər, bundan başqa bir islahata
qadir deyillər bunlar. Amma zarafat bir yana biz, təbii ki, mövqeyimizi deməliyik, təkliflərimizi çatdırmalıyıq və təkliflərimiz birlikdə müzakirə etməyi də bacarmalıyıq. Mənim
üçün bu, o qədər də problem deyil. Çünki mən Müsavat xəttini təmsil edirəm. Yəni,
həm Milli Strateji Düşüncə Mərkəzinin sədri kimi burda çıxış edirəm, həm də
Müsavat Partiyası Məclisinin üzvüyəm. Eyni zamanda, açığı, mən həm də özümü
“N!DA” təşkilatının üzvü hesab edirəm. Çünki hələ 2013-cü ildə “N!DA”nın rəhbərliyində
ilk həbslər başlayanda, mən rəsmən “N!DA”ya üzv olmaq barədə müraciət etmişəm. Düzdü,
“N!DA”çılar çox fikirləşiblər, hələ ki, bu müraciətə cavab verməyiblər, amma hər
halda müraciət qüvvədədir.
Bu baxımdan, bizim üçün islahatlarımızı təqdim etmək, Azərbaycanın gələcəyini
necə gördüyümüzü şərh etmək problem deyil. Çünki əslində Azərbaycanın gələcəyini
Müsavat Partiyası və cümhuriyyətimizin, Müsavatımızın qurucusu Məhəmməd Əmin Rəsulzadə
və onun silahdaşları 100 il əvvəl müəyyənləşdiriblər, yüz il əvvəl bu yolu göstəriblər
və biz bu yolla gedirik. Bu yol “İnsanlara hürriyyət, millətlərə istiqlal!”
yoludur. Bu yol insanlarımızın azad, bərabər, ləyaqətli, şərəfli yaşamaq hüququdur. Bu, Müsavatın yüz
illik bir yoludur. Bu, sadəcə sözlər deyil. Mütəxəssislər bilirlər, amma kim
istəyirsə, gənclərimiz, maraqlananlar araşdırsınlar. Məsələn, sizə misal gətirirəm,
Müsavat Partiyasının 1919-cu ildə hazırladığı təhsil proqramı var. Kim istəyir
maraqlansın həmin təhsil proqramı ilə. Kiçik redaktələrlə həmin təhsil proqramı
Azərbaycanın bugünkü təhsil qanunundan daha mütərəqqidir, daha demokratikdir və
Azərbaycan xalqının inkişafı baxımından daha faydalı bir qanun layihəsidir. Müsavatın
18-20-ci illərdə keçirdiyi islahatlar da bəllidir. Və biz də 92-ci ildə
Müsavatı bərpa edəndən sonra bu yolu davam etdirmişik. Bizim 97-ci ildə qəbul
etdiyimiz proqram var. Düzdü, üstündən 20 ilə qədər zaman keçib və müəyyən şeyləri
yeniləməliyik, təkmilləşdirməliyik. Amma bütövlükdə həmin proqram Azərbaycanın
gələcəyini bizim necə gördüyümüzü açıqlayır. Bu proqram ili illik çox ciddi
müzakirələrdən sonra qəbul olunub. O zaman biz qərara gəldik ki, Azərbaycanda
görüləsi işlərlə bağlı, ölkəni necə görməyimizlə bağlı düşüncələrimizi, fikirlərimizi
iki hissəyə bölməliyik. Bir hissə gələcək Azərbaycan adlandırıldı, orda Azərbaycanı
gələcəkdə necə görmək istədiyimiz haqda fikirlərimizi qeyd etdik. Burada 1)Hüquqi,
demokratik və inkişaf etmiş mülki cəmiyyət bölməsi var. 2)Azərbaycan dünya
birliyində yeri, 3)İnsan haqlarının aliliyi, 4)Milli təsanüd, 5)Azərbaycan
xalqının bütövlüyü, 6)Azərbaycanın istiqlal, azadlıq və rifahını təmin edəcək
iqtisadiyyat və 7) Yüksək elm və mənəvi dəyərlərə malik sağlam genefond,
ekologiya bölmələri var. Eyni zamanda partiya
proqramında başqa bir hissə də yazdıq və onu “Müsavat və Azərbaycanın keçid
dövrü problemləri” adlandırdıq. Çünki biz o zaman hesab edirdik ki, müəyyən bir keçid dövrü olmalıdır ki, o dövrdə
Azərbaycanın mövcud problemləri həllini tapsın. Bu hissəyə 1)Azərbaycana Ermənistanın
təcavüzünün nəticələrinin aradan qaldırılması, 2) Demokratik dövlət quruculuğu,
3) İnsan haqları, 4)mənəviyyat, 5) İqtisadi islahatlar, 6) Sosial qayğı, 7) Etnik
siyasət, 8) Xarici siyasət, 9) Təhsil, elm və mədəniyyət bölmələri daxildir.
Biz bu proqrama uyğun araşdırmalarımızı sonra da davam etdirdik.
Xüsusən 90-cı illərin sonlarında və 2003-cü ilə qədərki dövrdə Müsavat
Partiyasının komissiyaları bir çox konsepsiyalar, proqramlar və təkliflər
paketi hazırladı. Bəziləriniz xatırlayırsınızsa, biz 2003-cü il Prezident seçkilərində
hakimiyyətə və cəmiyyətə bir daha təqdim
etdik. Bu kitabda o təkliflərin, konsepsiyaların bir hissəsi toplanıb. Təbii
ki, bu konsepsiyaların, layihələrin yenilənməyə ehtyacı var. Müasir problemlər,
müasir tələbata uyğun dəqiqləşdirmələrə ehtiyac var, bütünlükdə bu yenə həmin
dediyimiz Müsavat yolunun davamı idi. Bu xətt indi də davam edir.
İndiki mərhələdə də Müsavat Partiyası əlini cəmiyyətin nəbzində
saxlayır. Bütün prosesləri, bütün problemləri dərindən araşdırır və öz
mövqeyini cəmiyyətə çatdırır. Müsavat Partiyasının antiböhran təklifləri paketi
də bir müddət əvvəl cəmiyyətə təqdim olundu. Eyni zamanda, biz də - Milli
Strateji Düşüncə Mərkəzi olaraq ölkədəki vəziyyəti təhlil edərək Yol Xəritəsi
hazırladıq. Yol Xəritəsini də “Böhrandan imkana” adlandırdıq. Hesab edirik ki, bizim
gücümüz çatar ki, Azərbaycan xalqının potensialı çatar ki, ölkədəki böhranı
imkana çevirək, elə addımlar ataq ki, Azərbaycan bu böhrandan zəifləmiş halda
deyil, güclənmiş halda çıxsın. Bu təkliflərimizdi, qüvvədədir.
Mən bu məqamları ona görə
xatırlatdım ki, islahatlar haqqında saatlarla danışmaq olar və yuxarı-aşağı islahatlar
haqqında çıxışlarda burada təmsil olunan və olunmayan bir çox təşkilatların
baxışlarında köklü fərqlər yoxdur. Müəyyən məqamlarda fərqli məqamlar ola
bilər, onlar da diskussiyalıq məqamlardır. Amma biz bütövlükdə Müsavat olaraq
sağ mərkəzçi bir partiyayıq, liberal-demokrat yönümlü bir partiyayıq. Deməli,
burdan da bizim Azərbaycanın gələcəyini nə cür görməyimiz aydındır. Biz Azərbaycanı
azad, demokratik görmək istəyirik, iqtisadi və siyasi azadlıqların tam bərqərar
olunması halında görmək istəyirik. Ölkədə hakimiyyət bölgüsünün tam şəkildə təmin
olunmasını istəyirik. İcra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə
hakimiyyəti. Hesab edirik ki, prezident sistemindən parlament sisteminə keçidə
qədər islahatlar mümkündür, bunu etmək olar və lazımdır. Ən azı prezidentin
səlahiyyətlərinin məhdudlaşdırılması və parlamentin səlahiyyətlərini genişləndirilməsi,
hökumətin səlahiyyətlərinin genişləndirilməsi zəruridir. Biz Azərbaycanı çağdaş
dünyanın bir hissəsi olaraq görürük. Azərbaycan, hesab edirik ki, Avroatlantik
inteqrasiya xəttini inkişaf etdirməlidir, Avropa Birliyinin və NATO-nun üzvü
olmalıdır, Ümumidünya Ticarət Təşkilatı ilə danışıqlar nəhayət ki, yekunlaşdırılmalı
və həll olunmalıdır bu məsələ də. Təxmini baxışlarımız belədir.
Bizim gələcəyə baxışımızı ümumiləşdirsək, biz hesab edirik ki, Azərbaycanın
gələcəyi insana hədəflənməlidir. Bir növ insan
mərkəzli düşüncə sistemini qurmalıyıq. Hər şey insanın maraqlarına tabe
etdirilməlidir. Heç kim də narahat olmasın ki, hər şey insanın maraqlarına tabe
etdiriləndə bəs dövlət necə olsun, cəmiyyət necə olsun, ictimai maraqlar necə
olsun? İnsanın maraqları təmin ediləndə, insanın azadlıqları təmin ediləndə
qalan bütün məsələlər avtomatik həll olunur. Əgər bir insanın azad yaşamasını
istəyiriksə, ölkədə bərabərhüquqlar təmin etməliyik. İnsanın azad yaşamasını
istəyiriksə, siyasi azadlıqlar, iqtisadi azadlıqlar tam şəkildə bərqərar olmalıdır.
İnsanın təhlükəsiz yaşamasını istəyiriksə, dövlətin müstəqilliyi təmin
edilməlidir, ərazi bütövlüyü təmin edilməlidir, dövlətin güclü ordusu
olmalıdır,. İnsanın firavan yaşamasını istəyiriksə, iqtisadi islahatlar həyata
keçirilməlidir, iqtisadi azadlıqlar bərqərar olunmalıdır, korrupsiya,
monopoliyalara son qoyulmalıdır. Yəni insanın maraqlarını əsas götürsək, bütün problemləri
həll etmək nəinki mümkündür, hətta qaçılmazdır. Çünki insanın maraqları bütün
bu məsələlərin hamısını labüd edir.
Bizim islahatlarımız, fəaliyyətimiz əsas dörd
istiqamətdə olmalıdır. Bunları sıralamaq bəlkə çətindir, amma hamısı eyni
dərəcədə önəmlidir. Dörd istiqamət – təhsildir, elmdir, səhiyyədir və
mədəniyyətdir.
Təhsil sistemi tamamilə dəyişdirilməlidir. Azərbaycanda gənclərin normal
təhsil alması üçün, təhsil seçimi etməsi üçün bütün imkanlar yaradılmalıdır. Elə
bir imkan yaradılmalıdır ki, gənc istər dövlət ali təhsil müəssisəsində təhsil
alsın, tutaq ki, müəyyən şərtlər müqabilində təhsil alsın, sonra dövlətin
müəyyən strukturlarında işləməyi boyuna götürsün. Özəl təhsil sistemində təhsil
alması imkanı olmalıdır. Xaricin ən yaxşı universitetlərində təhsil almaq
imkanı olmalıdır, bunu dövlət təmin etməlidir. Azərbaycan hakimiyyəti proqram
qəbul etmişdi - 2007-2015-ci illərdə xaricdə təhsil proqramı. Həmin sistem
üzrə, səhv etmirəmsə, 3200-ə yaxın tələbə xaricə təhsil almağa gedib. Dünya
üzrə ən aşağı rəqəmlərdən biridir. İldə 400 nəfər rəqəmi də alınmır. Halbuki
Demokratik Cümhuriyyət 1918-ci ildə ən ağır vəziyyətdə 100 tələbəni xaricdə ən
yaxşı universitetlərdə təhsil almasını təmin etmişdi. Bizim komanda hələ
hakimiyyətə gəlməmiş xaricə - Türkiyəyə təhsil üçün gənclərimizi göndərmişdi. Hakimiyyətə
gəldikdən sonra isə Elçibəy komandası, Elçibəy hakimiyyəti 1000-ə qədər tələbənin
Türkiyədə təhsil almasını təmin etmişdi, gələcəyi var idi onların. Bizim
hakimiyyətlə bağlı danışanda hətta ən qatı tənqidçilərimiz belə test üsulunun
tətbiqini qeyd edirlər. Amma test üsulunun tətbiqi bizim hakimiyyətin təhsil
islahatlarının bir açar nöqtəsi idi, hədəf deyildi, vasitə idi. Biz test
üsulunu tətbiq etməklə təhsil sistemini yeniləşdirmək, təhsil sistemini
tamamilə müasir qaydada qurmaq, təhsil sistemini dünya standartlarına
uyğunlaşdırmaq xəttini seçmişdik. O proqram yarımçıq qaldı və Əliyev rejimi
dönəmində isə hamısı bərbad hala gətirilib.
Eyni zamanda elm sahəsinə ciddi dövlət yatırımı olmalıdır, gənclərin elmə
marağı artırılmalıdır, gənclərin elm sahəsində uğur qazana bilməsi, normal
yaşaya bilməsi təmin edilməlidir. Elmin müəyyən müasir istiqamətləri var. Bu
saat, bilirsiniz, informasiya texnologiyalarıdır, bioloji texnologiyalarıdır, nano
texnologiyalardır və digər istiqamətlərdir. Bunlardan ən azı birini seçib
Azərbaycanda onu gücləndirmək lazımdır. Bəlkə də informasiya texnologiyaları ən
uyğunu olar Azərbaycan üçün. Gənclərə o sahədə uğur qazanmaq, yaxşı yaşamaq
imkanı yaradılmalıdır və onun hesabına Azərbaycan nüfuz qazanmalıdır, hörmət
qazanmalıdır. Akademiya institutları universitetlərlə birləşdirilməlidir. Akademik
araşdırmalarla universitetlərdəki təhsil, gur tələbə həyatı birləşdirilməlidir.
Səhiyyə sahəsində çox ciddi islahatlara ehtiyac var. Sözdə tibbi sığortanı
həyata keçirirlər, amma ortada bir şey yoxdur. Hər bir vətəndaşın məcburi tibbi
sığortası təmin edilməlidir ki, vətəndaşımız ən yüksək səviyyədə sağlamlığın
qorunmasına təminat alsın. Bir problem yaranan kimi İrana, başqa yerlərə
qaçmağa məcbur olmasın.
Və dördüncü istiqamət də dediyim kimi, mədəniyyət istiqamətidir. Mədəniyyət
dedikdə ədəbiyyatdan tutmuş kinoya qədər bütün sahələri nəzərdə tuturam. Bu
sahənin inkişafına yüksək şərait yaradılmalıdır. Hakimiyyət son günlərdə kinoya
senzura yaratmağa başlayıb, deyəsən. Əksinə azadlıqlar verilməlidir. Bütün bu
sahələrdə azadlıq, təşəbbüs həlledici amillər olmalıdır.
Bizim siyasətimizin mərkəzində gənclik dayanacaq. Bizim şüarımız çox yəqin ki, “Gənclərlə birlikdə gənclər üçün!” olacaq.
Çünki bir cəmiyyətin, bir xalqın inkişafını istəyirsənsə, həlledici amil
gənclərdir, gənclikdir. Gənclərə əsaslanmayan cəmiyyətin gələcəyi yoxdur.
Mən təhsil barədə dedim. Bütün sahələrdə gənclərə ciddi güzəştlər lazımdır.
Elə etmək lazımdır ki, 17-18 yaşına çatan gənclər artıq azad şəkildə
seçimlərini edə bilsinlər. Onlar evdə öz valideynləri ilə bir yerdə yaşayırlar,
yoxsa ayrıca bir evə çıxmaq istəyirlər dostları ilə bir yerdə, ya da çoxlu
universitet kampları yaradılmalıdır Qərbdə, Türkiyədə olduğu kimi,
universitetlərdə, kamplarda gənclər rahat yaşaya bilməlidirlər. Evli ailələrə,
gənc ailələrə mənzillər verilməlidir. Dövlətin
imkanlarından asılı olaraq ya kiçik, aşağı qiymətə aşağı faizli
kreditlərlə, ya da ümumiyyətlə pulsuz mənzil proqramı olmalıdır. Bu kredit
məsələsi pullu təhsil alanlara da aid edilməlidir. Uşağın anadan olmasından
tutmuş gəncin yetişməsinə qədər bütün mərhələlərdə gəncin bütün problemləri həm
dövlət tərəfindən həll olunmalıdır, həm də dövlətin verdiyi imkanlar hesabına
həll olunmalıdır.
Yəqin vaxt məhduddur, mən öz 10 dəqiqəmi əsasən danışdım. Bəlkə də Cəmil
müəllimin 10 dəqiqəsini üçümüz öz aramızda bölüşdürə bilərik. Deyiləsi məqamlar
çoxdur. Yəqin sonra suallara cavab verəndə bir sıra məsələlərə qayıda
biləcəyik. Bircə məqamı da qeyd etmək istəyirəm ki, bu da bir reallıqdır, kimin
xoşuna gəlsə də, gəlməsə də. Mən Azərbaycanda o komandanın təmsilçisiyəm ki, o
komandanın ölkədə islahatlar keçirmək təcrübəsi var. Ölkədə bizim komandadan
başqa, Elçibəy komandasından başqa, mən yenə o komandanı Elçibəy komandası
adlandırıram, heç bir siyasi qüvvənin islahatlar keçirmək təcrübəsi yoxdur. Gözəl
ideyalar da ola bilər, gözəl təkliflər də ola bilər, ancaq bu təcrübə bizdədir.
Biz o təcrübəyə malikik və bilirəm ki, 92-93-cü illər haqqında tənqidi qeydlər
daha çox dəbdədir. Hakimiyyət o illərdən cin-şeytan iynədən qorxan kimi qorxur
və elə bir mühit yaradır ki, mən başqa təşkilatları da günahlandırmıram. Başqa
təşkilatlar da tez başlayırlar deməyə ki, bizim o dövrə dəxlimiz yoxdur, biz o
dövrdə hakimiyyətdə olmamışıq və s. Hətta nəinki başqa təşkilatlar, o
hakimiyyətdə təmsil olunanların bəziləri yaxalarını kənara çəkməyə çalışırlar.
Ancaq mən o hakimiyyətin təmsilçisi kimi, rəsmən səmimi və arxayın şəkildə
bildirirəm ki, 92-93-cü illər şərəfli Azərbaycan tarixinin ən şərəfli
illərindən biridir, o, tarixdə belə də qalacaq. Necə ki, 20-30-cu illərdə
18-20-ci illər Müsavat hakimiyyətinə, Demokratik Cümhuriyyətə qarşı böhtanlar
atılırdı, yalanlar söylənilirdi, bunlar xalqın nəzərində, tarixin gözündə həmin
dövrün qiymətini dəyişə bilmədi, 92-93-cü illər də xalqın gözündə də, tarixdə
də Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biri kimi, şərəfli
səhifələrindən biri kimi qalacaq.
Mən bir daha “N!DA”ya tədbirə görə, sizə də
iştirakınıza görə təşəkkür edirəm.
Diqqətinizə görə çox sağ olun.