Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin
KXCP-nin 01 avqust 2015-ci il tarixli Qurultayında
cıxışı
Əziz Cəbhəçilər!
Təmsil etdiyim Milli Strateji
Düşüncə Mərkəzi adından, eyni zamanda, Müsavat Partiyasının rəhbərliyi adından,
Arif bəyin adından, bütün müsavatçıların adından cəbhəçi dostlarımı Qurultay
münasibətilə təbrik edirəm. Qurultayın işində və gələcək fəaliyyətinizdə Sizə
uğurlar arzulayıram.
Biz bir yolun yolçusuyuq. Rəsulzadə-Elçibəy
yolunun yolçusuyuq. Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın tarixinə ən şərəfli
səhifələr yazıb. Bu gün Əliyev rejiminin məddahları və təbliğatçıları nəinki
tarix kitablarında, hətta dərsliklərdə də Xalq Cəbhəsi haqqında, Xalq Hərəkatı
haqqında, tariximiz haqqında olmazın yalanlar, böhtanlar yazıblar. Ancaq necə
ki, dənizin sahilində coçuqların qurduğu qum evciklər dənizin dalğaları ilə
darmadağın olur, tarixin də dalğaları Əliyev rejiminin bütün bu yalan
kitablarını darmadağın edəcək. Bütün həqiqi kitablarda, bütün dərsliklərdə
Azərbaycan Xalq Cəbhəsinin şərəfli tarixi yazılacaq, cəbhəçilərin şərəf, ləyaqət
mübarizəsi yazılacaq. Yazılacaq ki, Əbülfəz Elçibəyin liderliyi ilə yaranmış
Azərbaycan Xalq Cəbhəsi təkcə Azərbaycanın tarixində deyil, dünya tarixində
azadlıq uğrunda, istiqlal uğrunda, ləyaqət uğrunda, həqiqət uğrunda, ədalət
uğrunda ən möhtəşəm hərəkatlardan biri olub.
Yazılacaq ki, Elçibəyin
liderliyində yaranmış milli-demokratik hakimiyyət Azərbaycanın şərəfli
tarixində qızıl hərflərlə yazılası ən şərəfli səhifələrdən biridir və dünya
tarixində ən demokratik hakimiyyətlərdən biridir.
Burada natiqlərdən biri dedi
ki, səhvlərimiz ucbatından hakimiyyətdən getdik. Əlbəttə, səhvlərimiz olub,
amma bir daha fikrimi bildirirəm ki, milli-demokratik hakimiyyət səhvlərinə
görə deyil, uğurlarına görə hakimiyyətdən getdi.
Necə ki, xalqımız 1911-ci ildə
Müsavat Partiyasının yaranması ilə, 1918-ci ildə Şərqdə ilk Demokratik
Cümhuriyyətin Azərbaycanda yaranması ilə, həmin hakimiyyətin çox möhtəşəm
demokratik islahatlar aparması – istər iqtisadiyyat, istər siyasət, istər
mədəniyyət, istər digər sahələrdə, qadınlara səs hüququ verməsi ilə təkcə
Azərbaycanın deyil, bütün dünya tarixinə yazılıb və bu gün də təkcə biz
müsavatçılar, biz cəbhəçilər, biz demokratlar deyil, hətta hakimiyyətdə
oturanlar da Azərbaycan haqqında xaricdə xoş təsəvvür yaratmaq istəyəndə həmin
Cümhuriyyətdən danışırlar. 18-ci ildə hələ dünyada o söhbətlərin getdiyi zaman
Azərbaycanda qadınlara səs hüququ verməsindən danışırlar və zaman gələcək Azərbaycan
xalqının gələcək nəsilləri Xalq Cəbhəsi haqqında, Elçibəy hakimiyyəti haqqında
bu gün 18-20-ci illər dövr haqqında necə danışılırsa, o cür danışacaqlar.
Elçibəy hakimiyyətinin həyata
keçirdiyi islahatlar, müsbət
dəyişikliklər, test inqilabından tutmuş rus ordusunun Azərbaycandan çıxarılmasına
qədər, Qarabağın işğal olunmuş ərazilərinin əksəriyyətinin azad olunmasına
qədər bütün bunlar Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb və xalqımız
hər zaman bu tarixi olduğu kimi oxuyacaq. Saxtakarlar tarixi dəyişə bilməzlər.
Son 22 ildə Əliyev rejiminin
mövcudiyyəti dövründə bizim müxalifətdə olmağımızla bağlı iradlar eşitməyə
başlayırıq. Və qəribədir ki, bir çox hallarda bu iradlar hakimiyyətdə olan
qüvvələrdən başqa, hakimiyyətin yaltaqlarından, məddahlarından başqa, bir də
bizim öz düşərgəmizdən çıxanlar tərəfindən səslənir. Sən demə, 22 il
müxalifətdə olmaq ayıb imiş. 22 il hakimiyyətə gələ bilməmək ayıb imiş. Başqa
xalqlar öz demokratik qüvvələrinin, öz siyasi qüvvələrin onilliklər ərzində
azadlıq uğrunda, ləyaqət uğrunda mübarizə apardıqlarını tarixin ən şərəfli
hadisəsi hesab edir, bununla fəxr edirlər, bizdə isə Azərbaycan xalqının
haqları uğrunda mübarizə aparan təşkilatları, qüvvələri lağa qoyan, bu
hakimiyyəti zor gücünə, yalan gücünə, saxtakarlıq gücünə əlində saxlayan rejimə
məddahlıq etməyə cəhd göstərənlərin sayı artır. Bu, absurddur.
Əlbəttə ki, bizim fəaliyyət,
bizim mübarizə demokratik qüvvələrin, Rəsulzadə-Elçibəy yolu gedənlərin
hakimyyətə gəlməsi ilə və bu yolun hədəflərinin gerçəkləşdirməsi ilə davam
edəcək. Buna mən yüzdəyüz inanıram və bilirəm ki, həqiqi cəbhəçilər, həqiqi
müsavatçılar, həqiqi demokratlar hamısı da bu gerçəyə inanırlar və bu, baş
verəcək. Amma o şərtlə ki, biz təkcə şərəfli, ləyaqətli tariximizlə fəxr
etməklə kifayətlənməyək. Onu bilək ki, keçmişi dəyişmək mümkün deyil. Nə biz
keçmişi dəyişə bilmərik, nə bizim rəqiblərimiz keçmişi dəyişə bilməz. Keçmiş olub-bitib.
Amma bizim gələcəyi dəyişmək imkanımız var. Gələcəyə təsir etmək imkanımız var.
Məşhur mütəfəkkirlərdən biri dediyi kimi, gələcək bu gün qəbul edilən
qərarların məcmusundan ibarətdir. Yəni bu baxımdan, bugünkü Qurultayın qəbul
etdiyi qərarlar da həmin gələcəyin gerçəkləşməsi demək olacaq.
Bu gün, təbii, demokratik
düşərgədə müxtəlif mövqelər var. Bəzən bir-birimizi tam anlayırıq, bir yerdə
oluruq. Bəzən mövqelərimizdə müəyyən fərqlər olur. Bunlar olan şeylərdir. Hansısa
siyasi partiya seçkilərdə iştirak haqqında qərar qəbul edə bilər. Başqası
boykot haqqında fikirləşə bilər. Başqa bir partiya müəyyən şərtlərin irəli
sürülməsi sözü ilə seçkilərdə iştirak variantını düşünə bilər. Bu fərqlər ola
bilər və bu mövqelərin hansısa tam doğru, hansısa yanlış ola bilər. Amma biz
heç bir zaman unutmamalıyıq ki, Azərbaycandakı mövcud vəziyyət bu, fərqli
siyasət yeridə bilən partiyalardan, siyasətçilərdən yaranmayıb. 22 ildi
torpaqlarımızın işğaldan azad olunmaması məsuliyyəti Əliyev rejiminin
üzərindədir. Demokratik partiyaların, qüvvələrin üzərində deyil. Milyonlarla
soydaşımızın çörək ardınca, iş ardınca Azərbaycanı tərk etməsi, xarici
ölkələrdə ən ağır şərtlərdə çalışmağa məcbur olması demokratik partiyaların
günahı deyil, Əliyev rejiminin günahıdır. Artıq ölkədəki vəziyyəti elə yerə
gətirib çıxarıblar ki, Azərbaycan Avropada ən çox siyasi məhbusun olduğu ölkəyə
çevrilib. Zaman var idi bizim babalarımız hətta qan düşmənçiliyi edəndə,
görürsən ki, biri çətin vəziyyətə düşəndə, ailəsini, uşaqlarını öz qan
düşməninə etibar edirdi, onlara təhvil verirdi. Deyirdi ki, mən bir müddət burda
olmayacağam, həmin müddətdə mən sənə
arxayınam ki, mənim uşaqlarıma öz uşaqların kimi baxacaqsan. Qayıdaram,
uşaqlarımı geri götürərəm, ondan sonra düşmənçiliyimizi davam etdirərik.
Azərbaycan xalqı belə şərəfli, ləyaqətli bir xalqdır. İndiki hakimiyyət nəinki
qan düşmənlərini, sadəcə, onu tənqid edənlərin qohumlarını həbs etməyə
başlayıb. Qohumlarından tələb etməyə başlayıb ki, öz qohumunuzdan imtina
məktubları yazın, çıxışlar edin. Belə bir hakimiyyətlə üzbəüzük və bizim
rəqibimiz demokratik düşərgə daxilindəki qüvvələr deyil, hətta fərqli
mövqelərdə olsaq belə, bu qüvvələr deyil. Bizim rəqimiz Azərbaycanı bu günə
salan Əliyev rejimidir.
Mən əminəm ki, Azərbaycanın
tarixinə şərəfli səhifələr yazmış cəbhəçi dostlarımız, sizlər, son zamanlar Klassik Xalq Cəbhəsi Partiyası
adlana bilərsiniz, amma siz Cəbhənin əsasını qoyan, Cəbhənin şərəfli tarixini
yazan insanlarsınız və əminəm ki, bugünkü Qurultay da öz qərarları ilə həmin
şərəfli tarixin bir hissəsi olaraq davam
edəcəyik və sizin bugünkü qərarlarınız və sonrakı fəaliyyətiniz Azərbaycanın
gələcəyi yolunda, bizim hamımızın hədəflərimizi müəyyənləşdirdiyimiz istiqamətdə,
Rəsulzadə-Elçibəy yolunda uğurlara çatmaq üçün çox önəmli rol oynayacaq.
Bu yolda bir daha Sizin
hamınıza uğurlar arzulayıram.
Bu yolda hamımızın bir yerdə
olacağına əminəm.
Tanrı Sizləri qorusun!
Tanrı Azərbaycanımızı qorusun!
Комментариев нет:
Отправить комментарий