31 декабря 2015 г.

2015-ci ilin son qeydləri
1.     Təəccüblənmək haqqı

28 dekabrda əfv fərmanı imzalandı. 210 məhbus əfv edildi. Dünya Azərbaycanlıları Həmrəylik günü və Yeni il ərəfəsində 210 adam azadlığa çıxdı və ailələrinə qovuşdu. Onlara gözaydınlığı verirəm. Amma əfv olunanların siyahısında bir nəfər də olsun siyasi məhbus yoxdur. Bax bu çox təəccüblü oldu. Son vaxtlar dəb yaranıb, deyirlər ki, “təəccüblənmədim. Bu hakimiyyətin heç bir addımı məni təəccübləndirə bilməz.”  Siz bilərsiniz, amma mən təəccübləndim. Cəmi bir-iki adam tanıyıram ki, deyirdilər heç bir siyasi məhbus azad edilməyəcək.   Bəlkə onların təəccüblənməmək haqqı var. Lakin  cəmiyyətdə  azadlığa buraxılacaq siyasi məhbusların yalnız sayı ilə bağlı diskussiya gedirdi.  Məntiq bir yana qalsın, axı əksəriyyət əmin idi ki, siyasi məhbuslardan əfv edilən olacaq. Bir çox başqa məlumatdan əlavə siyasi məhbus Rəşad Həsənovun açıqlanmasından da təsdiq olunur ki, onların azadlığa buraxılmasına hazırlıq  gedirmiş, hətta bu hazırlıq tamamlanıbmış.  Demokratik ictimaiyyətin optimistləri deyirdilər ki, siyasi məhbusların əksəriyyəti azad ediləcək. Pessimistlər deyirdilər ki, həmişəki kimi yalnız bir neçə siyasi məhbus azad ediləcək.  Realistlər isə deyirdilər ki, bəli, həmişəki kimi yalnız bir neçə siyasi məhbus azad ediləcək, ancaq bununla heç nə dəyişməyəcək. Bu təəccüb məsələsində sözümün canı odur ki, rejimin məntiqsiz qərarlarından, addımlarından  təəccüblənmək haqqımızı özümüzdə saxlamalıyıq. Çünki biz təəccüblənməyəcəyiksə, cəmiyyət dünəndən təəccüblənməyəcək. Cəmiyyət təəccüblənməyəcəksə, demək hər şey normaldır. Nəinki siyasi məhbusların azad edilməməsi, elə insanların siyasi səbəblərdən həbs edilməsi də normal hal hesab ediləcək.

2.     Azərbaycan hakimiyyətini erməni lobbisi idarə edir?!
Qayıdaq məntiq məsələsinə. Bir çox siyasi məhbusun azad ediləcəyinə cəmiyyətin əminliyi həm də məntiqə əsaslanırdı. Söhbət yalnız ondan getmir ki, siyasi məhbusların böyük əksəriyyəti tam günahsızdır, özlərinin və fədakar vəkillərin savadlı fəaliyyəti ilə məhkəmələrdə ittihamnamələr  darmadağın edilib, bəzi məhbus QHT-çilər hətta əsassız vergi tələblərini də ödəyiblər, vətənə xəyanət və casusluq kimi ən absurd ittihamlar demək olar ki, geri çəkilib.  Məntiqə görə dərinləşən iqtisadi böhran şəraitində iqtidar cəmiyyət daxilində gərginliyin artmasında deyil, azalmasında maraqlı olmalıydı. Rejim arxayındır ki, demokratik qüvvələr ölkədaxili gərginlikdə maraqlı deyillər, üstəlik müstəsna olaraq dinc mübarizə metodlarından istifadə edirlər,  cəmiyyətdə isə xof mühiti davam edir. Amma axı cəmiyyətdə sosial problemlər artdıqca, protest elektoratının fəallaşması və cəmiyyətlə müxalifətin bütünləşməsi labüd olacaq. Deyək ki, rejim bu labüdlüyü dərk etmir, bəs gərginliyin beynəlxalq tərəfi? Bütün aparıcı beynəlxalq təşkilatlar, demokratik dövlətlər Azərbaycanda azadlıqların boğulmasından, insan haqlarının total şəkildə pozulmasından, seçkilərin saxtalaşdırılmasından, siyasi məhbus problemindən artıq narahatlıq mərhələsini keçib, narazılıq bildirməyə başlayıblar, sanksiyalar qapını döyür. Ola bilər ki, mahiyyət etibarı ilə xalqa zidd olan bu rejim bütövlükdə Azərbaycana yaranan təhlükələrdən, o cümlədən Qarabağ məsələsində mövqeyimizin ciddi şəklidə zəifləməsindən narahat deyil, axı öz maraqları da sərt və təsirli zərbələr alacaq. ABŞ və Avropa ölkələrinə vizadan məhrum olmaq, xaricdəki bank hesablarının bağlanması- bunlardamı nəzərə alınmır? Heç kəsə sirr deyil ki, rejim təmsilçilərinin, onların ailə üzvlərinin sərvət və mülkiyyətlərinin əsas hissəsi qərb ölkələrindədir, təhsil, səhiyyə, istirahət, alış-veriş, özünü göstərmək ehtiyacları---hamısı ordadır. Bunlarıdamı düşünmürlər?      Məhz bu amilləri nəzərə alan demokratik düşərgə siyasi məhbusların azad ediləcəyini kifayət qədər real sayırdı.
Hakim rejim isə ən yüksək vəzifəli şəxslərin dilindən əfv fərmanından həm əvvəl, həm də sonra açıq şəkildə dedilər ki, ABŞ Konqresinin sanksiya layihəsi və AŞPA-nın ölkəmizə araşdırma heyəti göndərmək qərarı Azərbaycana qarşı təxribatdır. Həm Milli Məclisin, həm prezident aparatının rəhbər təmsilçiləri dedilər ki, bu ABŞ-ın, Avropanın ümumi mövqeyi deyil, Azərbaycana düşmən olan, erməni lobbisinin təsiri altında olan ayrı-ayrı şəxslərin təxribatıdır. Bildirdilər ki, bu təşəbbüslər əks nəticə verəcək və sözlərinin üstündə durub heç bir siyasi məhbusu azad etmədilər.
Bu mövqe gerçəklikdən, məntiqdən tamamilə uzaqdır. Əvvəla, heç şübhəsiz, sanksiya və getdikcə artan digər təzyiq addımları avtoritar rejimlərin ölkədaxili və beynəlxaq norma və oyun qaydalarını kobud, davamlı və saymazyana şəkildə pozmasından bezən qərbin son illər qəbul etdiyi  ümumi, prinsipial və dönməz siyasi kursun təzahürləridir. Özü də ilk təzahürləridir, davamı olacaq. 
İkincisi, aydın məsələdir ki, qərbin  ümumi demokratik dəyərlərə bağlılığndan və ümumi geopolitik maraqlarından əlavə əlbəttə Azərbaycanı sevməyənlər də var, Əliyev rejimini növbəti səhvlərə yönəltmək və bundan ölkəmizə qarşı istifadə etmək istəyənlər də var, elə erməni lobbisi və onun müəyyən təsiri də var. Cənab rejim mənsubları, siz niyə öz bərbad, səriştəsiz, fürsətçi daxili və xarici siyasətinizlə bu dairələrə əsas və bəhanə verirsiniz ki, Azərbaycanımıza problemlər yaratsınlar? Bir tərəfdən deyirsiniz ki, bu dairələrin məqsədi dövlət başçısının siyasi məhbusları əfv etməsinin qarşısını almaqdır, siz isə müstəqil siyasət yeridirsiniz və bu qüvvələrin tələblərinə, hədələrinə tabe olmayacaqsınız, digər tərəfdən isə siyasi məhbusları əfv fərmanından çıxararaq əslində özünüz guya ifşa etdiyiniz təxribat planının icraçısına çevrilirsiniz. Deməli, sizi o “təxribatçılar” idarə edir? Üstəlik, deyirsiniz və israr edirsiniz ki, bu qüvvələr erməni lobbisinin təsiri altında hərəkət edir. Demək belə çıxır ki, siz özünüz də erməni lobbisinin istədiyi kimi hərəkət edirsiniz. Azərbaycan hakimiyyətini erməni lobbisi idarə edir?!

3.     Hakimiyyətin yanlış qərarlarının əsas səbəbi

Bunu da yeni ildə yazarıq:))